Deyirsən yanında qalacağam mən,
Çox gözəl fikirdir, qal sənə qurban!
Nə zaman istəsən əziz canımı,
Qumral gözlərinlə al sənə qurban!
Gəlmiş hüzuruna bir qara dağlı,
Bir qara qulundur qolları bağlı.
Gəl çəkmə sinəmə sən hicran dağı,
Gümüş topuğunda xal, sənə qurban!
Sevgilim, həyata məhəbbətlə bax!
Bu sulu, torpaqlı dünya gözəldir.
Yer gözəl, göy gözəl, təbiət gözəl,
Asiman gözəldir, dərya gözəldir.
Fəqət sənin eşqin, mənim xəyalım -
Bunların hamısından daha gözəldir.
- Müşfiq, sən elə hər sözə şeirlə cavab verirsən?
- Dilbər, şeir mənim həyatımdır. O, həmişə pərvazlanmaq istəyən bir quşa bənzər. Sən isə bu quşun əbədi qanadlarısan!