Gəldik çatdıq dünya klassiklərindən birinə. Oxunması ağır, dərk edilməsi zaman alacaq bir kitab. Bəlkə on il əvvəl oxuyacaq gücə sahib olsaydım, bu düşüncələrdə olmazdım və kitabı “böyük eşq romanı” adlandırardım. Ancaq çox heyif ki, "Anna Karenina" mənim üçün bir eşq romanı deyil; bir məsuliyyətsizliyin, eqoizmin və addım-addım gələn mənəvi iflasın tarixçəsidir. Kitabı bitirdiyim an anladım ki, Tolstoyun bu obraz üçün tökdüyü göz yaşları onun günahına haqq qazandırmaq üçün deyil, yaratdığı gözəl bir varlığın öz əli ilə özünü necə "mundar" bir sona sürükləməsinə olan acımasıdır.
Kitabı oxumamışdan əvvəl iki böyük "spoiler" yemişdim ki, bunun biri acı sonluq idi. Ancaq oxuyana qədər nədən bəhs olunduğunu tam bilmirdim. Oxuduqda isə anladım ki, bu kitab başlı-başına bir şah əsər, bir həyat dərsliyidir. Kitabda sevmədiyim tək şey bəlkə də onun adı idi. Bəli, məhz kitabın adı... Əsərdə əslində yeddi əsas obraz var, lakin adına görə insanın gözü məhz Annanı axtarır. 880 səhifəlik kitabda hamı o böyük “eşqi” oxumaq istəyir, lakin digərləri, xüsusilə də Levin daha çox ön plandadır.
Mən kitabları çox sevirəm, amma öz kitabımı kiməsə verməyi əsla sevmirəm. Çünki bilirik ki, başqa əldən qayıdan kitab artıq əvvəlki kimi olmur; ya vərəqi ləkələnir, ya küncü qatlanır, ya da cildi köhnəlir. Mənim üçün Anna obrazı məhz belə bir "kitab" idi. O, əvvəlcə Kareninin rəfində idi, sonra Vronskinin əllərinə keçdi. Amma Anna nə Kareninin o soyuq və quru nizamına, nə də Vronskinin ehtiraslı, amma daxili boşluqla dolu dünyasına sığdı. O, bu iki dünya arasında sıxılıb qaldı və vərəq-vərəq cırıldı. Vronskinin səhvi isə əbədi olaraq ona məxsus olmayacaq bir kitabı arzulamaq idi. Anna əlçatmaz olanda, o cild parıldayanda Vronski şəhvət və sevgi dolu idi. Amma "kitab" cırıldıqdan sonra Vronski onu