Ağaclara bəslənilən sevgini insanlığın pik nöqtələrindən biri adlandırardım. Bu sevgidə uşaqkən duyduğumuz sevinclərin həsrəti yatır, məhz bu sevgi bizə nəhəng təbiətin cılız və əhəmiyyətsiz canlılarından biri olduğumuzu dərketmə gücü verir. Bəli, elədir ki, var: ağaclar, onların nəhəngliyi barədəki düşüncələrimizlə onlara bəslədiyimiz sevgi bizə Yerin səthində qaynaşan əhəmiyyətsiz və zərərli parazitlər olduğumuzu xatırlatmaqla yanaşı, özümüzü yaşamağa layiq canlılar kimi də hiss etdirir. Çünki biz insanlar bizə heç bir borcu olmayan gözəlliklər qarşısında baş əyməyi bacaran canlılarıq.
Əsl gözəllik nədədir, haradadır? Həyatdakı hər şey kimi ölümə məhkum olunmuş böyük şeylərdəmi, yoxsa ilk baxışda çox əhəmiyyətsiz kimi görünən, amma qısa bir anın içinə sonsuzluğu sığdıra bilən kiçik şeylərdəmi?
Əgər qorxurlarsa, bunu necə gizlədirlər? Axı şaftalı, gilas deyilik ki, çürüyək. Qorxu insana nə edir bəs? Bəlkə, biz də çürüyürük, amma xəbərimiz yoxdur. Bəlkə, bu, qorxu deyil, qayğıdır?