Sonra "Bəs indi nə etməliyəm?" deyə öz-özümdən soruşdum. Tez eşiyə çıxıb qapının qabağında onu gözləyim? Axı nə məqsədlə? .. Onunla bircə kəlmə danışmadığım halda yolunu gözləyib: "Sizə evinizə qədər yoldaşlıq edə bilərəm?" deyərsəm, haqqımda nə düşünər, nə nəticəyə gələrdi? Mənə göstərdiyi böyük mehribanlığın müqabilində kobudluq eləyib belə münasibətsiz bir təkliflə ona müraciət edə bilərdimmi? Qərara gəldim ki, tez buradan çıxıb getsəm , sabah axşam yenə buraya gəlsəm, bu mənim tərəfimdən çox mədəni bir hərəkət olar. Ancaq bu yolla dostluğumuzu yavaş-yavaş möhkəmləndirərəm... Bu fikrə düşməyim təsadüfi deyildi. Çünki hələ uşaqlıqdan bəri səadətimi birdən itirəcəyimdən qorxar ehtiyatla hərəkət etməyə çalışardım... Bu xüsusiyyət bir çox imkanların əlimdən çıxmasına səbəb olardı. Lakin buna qane olar, yaxınlaşan xoşbəxtliyimi hürküdəcəyimdən həmişə qorxub çəkinərdim.