Дневник Сатаны - ilk baxışda Şeytan haqqında yazılmış kimi görünsə də, əslində insan təbiətinin ən qaranlıq tərəflərini açan dərin fəlsəfi romandır. Leonid Andreyev bu əsərdə Şeytanı klassik “pisliyin mənbəyi” kimi yox, insan dünyasını anlamağa çalışan bir varlıq kimi təqdim edir.
Romanın mərkəzində maraqlı bir ideya dayanır: Şeytan Yerə enir və Henry Wondergood adlı varlı insan maskası ilə cəmiyyətə qarışır. Bu “maska” anlayışı əsərin ən güclü simvollarından biridir. Müəllif göstərir ki, təkcə Şeytan yox, insanlar da gündəlik həyatlarında müxtəlif maskalar taxır, özlərini olduqlarından fərqli göstərirlər. Fərq ondadır ki, Şeytanın maskası sadədir, insanın maskası isə daha mürəkkəb və təhlükəlidir. Müəllif göstərir ki, açıq pislikdən daha qorxulu olan şey - gizlədilmiş, maskalanmış pislikdir. Yəni ki, insanlar cəmiyyətdə fərqli rollar oynayır, hamı özünü olduğundan yaxşı göstərməyə çalışır; yəni hər kəs bir növ “Wondergood”dur.
Roman həm də emosiyalar mövzusuna toxunur. Şeytan insan kimi yaşadıqca sevgi, inam və bağlılıq kimi hisslərə qapılır. Məhz bu “insani” xüsusiyyətlər onun zəif nöqtəsinə çevrilir. Andreyev burada incə bir fikir irəli sürür: insanı insan edən şeylər eyni zamanda onu ən asan məğlub edilən varlığa çevirir.
Əsərin ümumi tonu qaranlıq və pessimistdir. Burada ədalətin qalib gəldiyi klassik bir sonluq yoxdur. Əksinə, oxucuya belə bir narahatedici sual verilir: əgər Şeytan belə uduzursa, bəs insan özü nə qədər təhlükəlidir? - Şeytan belə insan dünyasında uduzursa, deməli, bu dünya düşündüyümüzdən daha qaranlıqdır və bu dünyanın qaydaları düşündüyümüzdən daha qəddardır.
Əsl qorxulu varlıq Şeytan yox, insanın özüdür.