Bizim bütün fikirlərimiz, arzularımız necə də sadə və mənasızdır. Biz... biz insanlar da o ucuz fikirlərin müştərisiyik. Odur ki, həyatımız da elə o fikirlər kimi boş, mənasız və bəsit olur. Toxunduğumuz hər şeyi kor günə qoyuruq. Eynən fikirlərimiz kimi...
Həyatın quru fəlsəfə üzərində deyil, əməllər üzərində qurulması bir həqiqət idi. Həyat üçün sənin kimliyin, nə düşündüyün, nə istədiyin, nəyə qadir olduğun, "yaxşı insan" olduğun qətiyyən önəmli deyil. O, sənin nə etdiyinə baxır. Bəli, məhz nə etdiyinə. Əksəriyyətimiz həyatımızı elə yaşayırıq ki, sanki onun üzərində heç bir nəzarətə sahib deyilik. Ancaq məhz bizim yanaşmamız qərarlarımızı müəyyən edir, qərarlarımız da həyatımızı dəyişir.
-Xoşbəxtlik barədə danışmağı xoşlayırlar. Ancaq bilmirlər ki, insan olaraq dünyaya gəlmək elə ən böyük xoşbəxtlikdir. Axı onlar cansız bir daş, hərəkətsiz ağac, şüursuz heyvan da ola bilərdilər.
-İnsanları anlamaq üçün yalnız insan olmalısan.
-Elədir. Özünü anlaya bilmək üçün kim olduğunu dərk etməlisən, başqasını anlamaq üçün isə həm də özünü onun kürkündə hiss edə bilməlisən. Öz yerini itirmiş insan bütün həyatı boyu tənhalığa və iztirablara məhkumdur.