Oxuduğum kitablar arasında ilk dəfədir ki, bir kitab haqqında fikirlərimi bölüşürəm. Bu fikirləri əslində uyğun kütlənin qarşısına çıxıb da fikir bildirmələri üçün yox, bir müddət sonra özümün bu kitab haqqında nə düşündüyümü xatırlamaq üçün qeyd edirəm.
İlk öncə onu deyim ki, başlarda sevgi hekayəsi ilə dolub-daşan fəsillərlə qarşılaşacağımı düşünmüşdüm. Kitabın adını daşıyan obrazla bəlkə də kitabın 3/10 hissəsi qədər tanış oldum. Kitabın əksər hissəsində Rusiyada torpaq islahatlarından bəhs olunur. Bəzi yerlərdə gözləntimi qarşılamadığı üçün oxumağa qısa fasilələr vermişdim. Əlavə olaraq kitabı oxuyarkən o dövrdə dinə olan etiqadın, məhrəmliyin cəmiyyətdəki rolunun, xəyanətin və qanunsuz sevginin kübar aləmdə necə qarşılandığını, qorxunun insanı Tanrıya niyə və necə sığındırdığını görə biləcəksiniz.
Əsərin daşıyıcısı Anna Karenina kimi görünsə belə kitabda çox az yer alan Nikolay Levin personajı xatirimdə daha yaddaqalan izlər buraxdı. Əlavə olaraq Aleksey Aleksandroviç, Konstantin Levin əsərin başlıca qəhrəmanlarıdır deyə düşünürəm.
Annanın bədbəxtliyini (itirmək qorxusu, sevgi aclığı, öldürən qısqanclıq, övlad həsrəti, məşuqə damğası, heçvaxt nəticəyə çata bilməmək, morfin bağımlılığı, ruhən inandığı şeyə cismən inanmamaq) başa düşə bilmək üçün isə kitabın 791-807-ci səhifələrini diqqətlə oxuyaraq anlamaq olar...