"... Amma canavar da qorxu içində idi, ürəyinə nəsə dammışdı, bilirdi ki, iki ayaqlı bəndələrin düşərgə saldıqları yerə bu gün yavuq düşmək olmaz: ordan qarışıq səslər gəlirdi, dəmir dəmirə dəyirdi, elə bil kimsə zindanda çəkic çalırdı,amma bütün bu qarmaqarışıq səslərdə vahimə və xəbərdarlıq vardı - nə canavar, nə ayı, heç quş da quşluğu ilə gərək bu gün ora yaxın düşməyəydi, çünki bu gün Baba Kahanın zülmətində nəsə başqa bir əhvalat baş verməli idi – külək bütün aləmin, daşın, torpağın, göylərin, ulduzların qəzəbini canına hopdurmuşdu, dünyanın ikiayaqlılarına hədə göndərirdi: gəlirəm! Gəlirəm ki, haqq-hesab çəkəm, gəlirəm ki, görüm bu ikiayaqlı, dəmir libaslı, nizəli-qalxanlı, aylarla su üzü görməyən, kirdən-pasdan sifətləri qaralıb mis rənginə çalan bu ikiayaqlı şeytanlar niyə belə qudurublar? Gəlirəm ki, yuxusuz gözlərdəki kinin, hiddətin səbəbindən agah olam, qaysaq bağlamış dodaqların arasından çıxan tüpürcəkli söyüşlərin mənasını anlayam, bu payız gününün sazağında çiyinçiyinə verib dayanmış, çadırların həndəvərində oturmuş, yorğunluqdan su qaynatmağa da taqətləri qalmamış, əti çiy-çiy yeyən, sonra qana bulaşmış dodaqlarının seliyini sifətlərinə yayan ikiayaqlı bəndə- lər bu bəlalı dünyadan nə istəyirlər! Gəlirəm ki, düşərgənin lap yaxınlığında meyitləri üst-üstə qalayıb, çürüyən cəsədlərin üfunətini hiss etməyən, döyüş yoldaşlarını basdırmağa belə gücü qalmayan, günəş İşığından gizlənən bu ikiayaqlı qanadsız yarasalar nə vaxt qandan doyacaqlar?..."