Bir əsər düşünün ki, sizə xalqınızın mərdlik, igidlik, kişilik adıyla törətdiyi vəhşilikləri, dini ayrıseçkilik, guya milliyyətçilik ideyaları kimi dəyərləri bir uşağın gözlərindən görməyə imkan verir. Məhz bir uşağın mühakimələri burda ona görə çox dəyərlidir ki, o hər şeyi öz təmiz qəlbi ilə görməyi bacarır, ailəsi və çevrəsindəki digər insanlardan eşitdiklərini sorğulamaqdan, əvvəllər doğruluğuna və yaxşılığına inandığı şeylərin yanlış və qəddar üzlərini gördükcə onlara şübhə ilə yanaşmaqdan və zamanla onlara qarşı ikrah hissi duymaqdan çəkinmir. Cəmiyyət tərəfindən doğru qəbul edilən bütün yanlışlar onun kiçik qəlbində və zehnində təlatümlərə səbəb olur və o öz dünyasında bunlarla hesablaşmalı olur. Çox şeyi tam dərk edə bilmədiyini anlayır, amma hiss edir ki, nəysə düzgün deyil, böyük kütlələr tərəfindən qəbul olunmuş şeylər heç də təqdirəlayiq deyil, əksinə, vahiməli, iyrəncdir. İnsanlar qəlbən bir-birinə bu qədər uzaqkən cismən bir evi, bir həyəti paylaşır, amma bu heç xoş deyil. Bir uşaq düşünün ki, xüsusən atasından zərrə qədər görə bilmədiyi sevgi və qayğının, mehribanlığın, iki kəlmə xoş sözün, tərifin ucbatından insanlar tərəfindən adamayovuşmaz, eqoist, daşürəkli biri olaraq görülən birinə çevrilir, baxmayaraq ki, bütün tanıdığı insanların dərdini özününküləşdirib, onlar üçün göz yaşı tökməyi bacaracaq qədər həssas bir qəlbi var. İndi bütün bu düşündükləriniz sizdə həyəcan və digər hisslər doğura bildisə, onda bu romanı oxuyun. Bu uşağın çirkabdan uzaq, empatiya duyğusu ilə dolub-daşan ürəyinin dəyəri şəxsən mənim gözümdə əsərin də dəyərini birə-beş artırdı və onun əslində müəllifin özü olduğunu bilmək, məndə onun digər əsərlərini də oxumaq üçün böyük bir istək və həvəs yaratdı.