Gözünün yaşını tökmə,
Bu soyuq ahı yığışdır,
Bu bulud süni buluddur ,
Bu yağış saxta yağışdır.
Dünənin qəhqəhəsiylə
Bu günün naləsi eyni,
Gülüşün ağlamağınla
Arası bircə qarışdır,
Məni yorma, sənə qurban,
Bu yağış saxta yağışdır...
Həyəcanla dolu sözlər ,
Bu tərəddüd dolu gözlər ,
Üşüyən nəmli baxışlar ,
Iti kirpikdəki yaşlar ,
Mənə çoxdankı tanışdı.
Daha yox təsiri qəlbə,
Bu yağış saxta yağışdı.
Necə ağlarsa buludlar,
Necə oynarsa umudlar
Necə şimşək çaxar olsa,
Necə sellər axar olsa,
Soyuq olsun ya da isti,
Nə olar, ağlama bəsdi,
Fərqi yox, yazdı ya qışdı,
Nə qədər yağsa da yağsın,
Bu yağış saxta yağışdı...