O səs əsrlərdən gəlir elə bil
O səs necə uzaq necə də titrək
Əsir o qocanın ürəyi tir-tir
Cavansa dinləyir gülümsəyərək.
Qocanın çiynində bir əsrin yükü
Qalıb əl çatmayan dünəndə həyat.
Cavan saya salmır heç yeri-göyü,
Əmri ilə dövr eləyir sanki kainat.
Qocanın sözündə sönən bir çıraq
Cavanın gözündə yanan bir günəş.
Qoca elə bilir cavan olmayıb,
Cavan eləbilir qocalmayacaq…
Günahkar yerlərə məsum qar yağır,
Utanır, əriyir qar, yerdə qalmır,
Xəcalətlə düşür, hey ağır-ağır,
Bürüyür onu da ar, yerdə qalmır,
Çevrilir suya ki, yusun yer üzün,
Bəlkə apara bu ləkənin izin,
Sürünür yerlərdə dizin-bə-dizin,
Qərar tuta bilmir, bir yerdə qalmır,
Rəssamın çəkdiyi cizği kimidir,
Üzü buz bağlayıb, güzgü kimidir,
Bəzi ürəklərdə sevgi kimidir,
Hər yerə yağsa da hər yerdə qalmır.
Axund Azer
Cızığından çıxma deyir Atam mənə haçandı,
Bəs çıxmasam nə bilərəm cızığım haracandı?
Sən ey mənə cızıq çəkən tez ol poz cızığını
İstəyirəm özüm çəkəm daha öz cızığımı.
Xoşum gələn hər qızıda salam cızığ içinə
Hər nəğməni hər sözüdə salam cızığ içinə
İstəyirəm yekə çəkəm bu cızığı yep yekə
İçində atılıb düşəm ləzzət alam kef çəkəm.
Cızığ çəkən sözün nədi?
Sözüm budur ay yazıq:
Çölündə yox içindədi mən çəkdiyim o cızıq.