Mənfi duyğuların hikməti və ya yaradılış qayəsi nədir?" Yəni bəzi duyğular, əlbəttə ki, insanlar üçün çox faydalıdır - sevgi kimi, xeyirxahlıq kimi. Ancaq bu mənfi duyğuların mənasını heç anlamıram.
Mənfi duyğular deyəndə hansıları nəzərdə tutursan? – deyə o soruşdu.
Misal üçün, bir az əvvəl nümunə göstərdiyiniz qorxu duyğusu və ya paxıllıq...
Dostum, içimizdə gəzdirdiyimiz hər duyğunun öz təyinatı, öz faydası, sən demişkən, öz hikməti və yaradılış səbəbi var. Dünyada təsadüfı, lazımsız və ya artıq duyğu yoxdur. Mənfi duyğu da yoxdur, mənfi davranış və ya duyğudan mənfi şəkildə istifadə etmək var. Gəl elə qorxu duyğusundan başlayaq. İlk baxışda qorxu bizə mənfi duyğu kimi gələ bilər. Ancaq bir şeyi unutmayaq: bu gün səninlə üz-üzə oturub söhbətləşməyimizə görə məhz içimizdəki o duyğuya borcluyuq. İnsanın yaradılışında qorxu duyğusu və qorxu yaddaşı olmasaydı, bu gün biz mövcud olmazdıq. İnsanlıq mağara dövründən qabağa gedə bilməzdi və kökü elə oradaca kəsilərdi. Bizim indi oturduğumuz bu müasir ofisin yeri isə kol-kos içində olardı...