Əgər getdiyin yerlərdə dəyişiklik yaratmaq istəyirsənsə, ilk olaraq yaşadığın əyalətdən başla. Yaşadığın əyalətdə dəyişiklik yaratmaq istəyirsənsə, birinci olaraq öz şəhərindən başla. Yaşadığın şəhərdə dəyişiklik yaratmaq istəyirsənsə, orada yaşayan ailələrdən başla. Ailələrdə dəyişiklik yaratmaq istəyirsənsə, öz ailəndən başla. Öz ailəndə dəyişiklik yaratmaq istəyirsənsə, o zaman özündən başla. İnsanlığı oyatmaq istəyirsənsə, əvvəlcə özün oyan. Dünyadakı əzablara son qoymaq istəyirsənsə, öz içindəki əzabları və bədbinlikləri yox etməlisən. Dünyaya verə biləcəyin ən gözəl hədiyyə, şübhəsiz ki, özünü dəyişməyindir. Unutma, sən dəyişsən, ətrafındakı dünya da dəyişəcək.
Hasinlə söhbətlər beynimin sərhədlərini genişləndirmişdi. Artıq düşüncələrimdə sərbəst idim və əvvəlki kimi təzyiq və təlqin qəbul etmirdim. İndiyə qədər mənə həqiqət kimi sırınan ideologiyaların və fəlsəfi sistemlərin düşüncəmi buxovlayan yalan qandalları olduğunu anlamışdım. Anlamışdım ki, mən əvvəllər düşünmürdüm, düşünməyi bacarmırdım. Məni düşünməyə qoymurdular. Mən, sadəcə, başqa insanların təlqin etdiyi və mənə aid olmayan düşüncələri öz beynimdə təkrarlayırdım. Beynim başqalarının düşüncələrinin yuvasına çevrilmişdi.
Bundan əlavə, maddiyyata həddən artıq bağlılıq da insanı mənəviyyatdan uzaqlaşdırır. İnsanın əşyalarının sayı artdıqca, diqqəti mənəvi dəyərlərdən yayınır və bu əşyalara yönəlir. Buna görə də sənə məxsus əşyaların sayını azaltmalısan ki, diqqətin onlardan ayrılıb özünə yönəlsin.
Hasin deyirdi ki, tənqiddən qaçmayım və tənqid edilməyi hədiyyə kimi qəbul edim. Tənqid – hədiyyənin büküldüyü kağızlarıdır. Kağız açılanda arasından mənim üçün mütləq faydalı hədiyyələr çıxacaq. Tənqiddən ancaq özünəinamı zəif olan in-sanlar qorxar. Güclü insan isə başqalarının tənqidləri ilə üzləşməkdən heç vaxt çəkinməz. İnsan həm də özünü tənqid etməyi bacarmalıdır. O ancaq özünü və hərəkətlərini təftiş etməklə fəzilətə çata bilər.Bir gün o, alim olmaqla müdrik insan olmağın fərqini mənə izah etdi: "Alim olmaq üçün hər gün nə isə öyrənə və dünyagörüşünə nə isə əlavə edə bilərsən. Ancaq müdriklik qazanmaq üçün hər gün nədənsə imtina etməlisən."