Dünya ancaq dövlətlərdən və onların qoyduğu qanunlardan ibarət deyil. Dünya, dövlətlərin sərhədlərinə sığmayacaq qədər nəhəng dünyadır. Bu dünyada görə bildiyin və bilmədiyin hər şey bir tamdır - ulduzlar, səhralar, dənizlər, kəndlər, şəhərlər, insanlar, heyvanlar, düşüncələr, duyğular, kitablar, nəğmələr və sairə. Bunların hamısı o böyük bütövün kiçik parçalarıdır. Biri olmadan, bütün kamilləşməz və tamamlanmaz. Bax biz insanlar da o tamın zərrəsiyik və həyatımızda həmin tama aid olmağın məsuliyyətini daşımalıyıq. Həyatımızın mənası hansısa dövlətin sərhədlərinin içərisində məhdudlaşmayacaq şəkildə dərin olmalıdır, böyük olmalıdır. İnsanın həyatının mənası özündə tamı və onu təşkil edən zərrəcikləri də əks etdirməlidir. Çünki zərrəciklər bir-biri ilə gözəgörünməz rabitə ilə bağlanıblar və aradakı bu rabitə qırılarsa, həyatın mənası da zərər görər.