Mənə biganəlik öyrət, ürəyim!
Qıvrılım içimdə,
Yatım içimdə.
Yaxşını yamandan seçə bilməyim,
Büdrəyim, yıxılım, batım içimdə.
Bir gündə ütsələr, meşəni, yolub,
Yıxıb-sürüsələr dağları, susum.
İçib məst olmasam, baxıb məst olum,
Desələr, bulağa şərabdır bu su.
Sapanda güc olum, daşa ağırlıq
Tənha ulduzlara daş atan olsa,
Deyim "xəlbirlənən" daş qumdur artıq –
Yetimi, yesiri yaşadan olsa.
Heç üzü qaraya üzüm gülmədi
Sən ki tanıyırsan, ey ürək, kiməm!
Pərvanə olanda o kəs bilmədi,
Biganə olanda biləcək kiməm!
Bir az da ölümü yandırsın ahım,
Düz olum, bilməyim düz olmaq nədi,
Satanın nəyinə gərəkdir axı
İynə olmaq nədi? Biz olmaq nədi?
Oba yerlərinə baxıb ağlayım,
Tüstüsüz ocaqdan nə pay, nə umu.
Odunu nə vaxtdan qara bağlayıb,
Alovu nə vaxtdan ağzını yumub.