Yerli sakinlərin evləri yandırılsa da, yurd-yuvaları dağıdılsa da, bu, tarixə iz salmış coğrafi kəşflərdən biri idi. Coğrafi kəşflər elə nailiyyətlərdir ki, onları heç vaxt münaqişəsiz, ölümsüz, dağıntısız, dinc yolla əldə etmək mümkün olmayıb.
Bəli, biz cənnəti tapdıq, sonra isə ona od vurub yandırdıq...
Ağdərili insanlar inanırlar ki, həm də bütün varlıqları ilə inanırlar ki, bütün Amerikaya yalnız onlar sahib olmalıdırlar. Bu yalnız onların haqqıdır: hinduları məhv etmək, müharibələr aparmaq, öz qardaşlarını qula çevirmək. Yəni həqiqətlərə baxanda gərək bu dövlət, ümumiyyətlə, mövcud olmasın. Əgər dünyada zərrə qədər də olsun ədalət varsa, qəddarlıq, ölüm, cinayət, oğurluq üzərində qurulmuş dövlət var olmamalıdır. Lakin var və biz də orada yaşayırıq.
Kora bu ərazinin məhz hansı qəbiləyə aid olduğunu bilmirdi, ancaq hindulara aid olduğunu yaxşı bilirdi. Amerikada hansı torpaq, hansı dağ, hansı dərə onların deyildi ki?