Sevgi –Yaradanın ilk sözü, ilk işıqlı fikri. Sevgi – O, kainatı «OL!» deyə yaratdığı zaman doğulub. Onun bütün xəlq etdikləri gözəldir, lakin yaratdıqlarından yalnız birini yoxluğa qaytarmaq istəməyib və məhəbbət bütün dünyanın mənbəyi, bütün yer üzünün hakimi olubdur, lakin onun bütün yollarında çiçəklər və qan var, çiçəklər və qan.
Məhəbbət nədir? O, küləyin qızılgül kollarını xışıldatmasıdır, yox – məhəbbət qanda şölələnən alovdur. Məhəbbət – cəhənnəm musiqisidir və onun sədaları altında hətta qocaların da qəlbi rəqs edir. O, səhərin ala-toranında açan gecə bənövşəsidir, daha dəqiqi, həzin mehin xəfif toxunuşuyla ləçəkləri bürüşən və öləziyən anemon çiçəyidir.
Bax budur məhəbbət.
O, insanı məhv edə, onu yenidən həyata qaytara və yenidən öz damğasını onun alnına basa bilər; bu gün o mənə qarşı lütfkardır, sabah sənə, o biri günsə başqa birisinə, çünki müvəqqətidir. Lakin o sənin üzərinə görünməyən möhür vurur və ölüm anınadək sönmədən yandırır, çünki o – əbədidir. Axı məhəbbət nə deməkdir?
Ah, məhəbbət – o, torpaq qoxuyan ulduzlu yay gecəsidir.
Viktoriya, Viktoriya! Kaş ki həyatımın bütün anlarının təkcə sənə aid olduğunu biləydin! Mən sənin qulun, kölən olmağa, sənin yoluna çıxan bütün maneələri dəf etməyə hazıram. Mən sənin xırdaca çəkmələrini öpməyə belə hazıram, qışın soyuq günlərində sən öz karetanda oturan zaman mən sənin sobana odun daşıyaram. Qızılı odunlar daşıyaram sənin sobana, Viktoriya!