Yuxusuz gözlədim hövsələm çatıb,
Gözümü yummağı birtəhər etdim.
Uzun qış gecəsi nəhayət yatıb,
Anidən dərin bir yuxuya getdim.
Görürdüm gedirəm çəmənlik üstə,
Yeridim, yeridim qarşıma çıxdı.
Çox zərif, çox incə, boyuysa bəstə,
Göz-gözə gələndə dondu, karıxdı.
Can alan gözləri can verir mənə,
Baxıram, doymuram saf baxışından.
Qaçırdır gözünü, tez baxır yenə,
Gülərək nur verir üz naxışından.
Yanına çatanda gözlədim biraz,
İstədim əlinə toxunsun əlim.
Bilirdim tutarsam etməz etiraz.
Ovucu dəyməyi öylə bir həlim.
Əl-ələ tutaraq xeyli yer gəzib,
Dayandıq zirvədə dənizə sarı.
Birlikdə səmada buludlar sezib,
Tapmışıq səadət, həmdə xoş yarı.
Mən belə hüzurda heykəl olardım,
Yetər ki, xoş anım keçib, getməsin.
Bu qızla əbədi, daim qalardım,
Bircə ayrılığın vaxtı gəlməsin.