Ağac payız fəslində ona heç bir faydası olmayan saralmış yarpaqlarını töküb yeniləşməyə can atır. Bu, təbiətin dəyişməz qanunudur. İnsan da təbiətdən dərs alıb, faydasız düşüncə, duyğu, davranış və vərdişlərini tərk edib, yeni və daha faydalı olanlara yiyələnə bilməlidir. Bunu su ilə dolu stəkan kimi də təsəvvür edə bilərsən. İçindəki suyu təzələmək istəyirsənsə, əvvəlcə stəkanı boşaltmalısan. Dəyişikliyin sirri bundadır.
İnsanın həyatda sahib olduğu ən böyük var-dövlət sevgi ilə yoğurulan ruhudur, bunu unutma. O, elə bir zənginlikdir ki, paylaşdıqca çoxalır, daha da gözəlləşir. Əmin ol ki, hər səhər bu sahildən dünyaya yaydığın sevgi enerjisi itməyəcək və həyatın gözəllikləri sevginin təzahürü şəklində geri qayıdaraq, yenidən ruhuna axacaq.