Əsrimizin bu anında,
zamanın bu məqamında
bir uşaqdan soruşdular:
Nə olmaq istəyirsən?
Həkim, alim, mühəndis,
müəllim, usta, yolçəkən?
Baxışları
üfüqlərin göztutmaz
uzağında,
nəfəsi
göydən yerə
sel kimi axıb gələn
dumanlı dalğaların
qarışıq sazağında
uşaq
ağlından böyük
qatılaşmış səsilə,
sinəsindən
parça-parça axıb gələn
bir ixtiyar nəfəsilə,
sözlərində bir sitəm,
kəlmə-kəlmə dilləndi:
Sağ
qalmaq
istəyirəm.
Müəllif:Arif Abdullazadə
Hərgah belə bir sual qarşıya çıxsa ki: «Azərbaycan xalqı kimdir?"bu suala söz ilə tam şəkildə cavab vermək, mənim fikrimcə, mümkün deyil. Xalqın kim olduğunu bilmək üçün, yalnız onun tarixini öyrənmək kifayət deyil, xalqı hiss etmək lazımdır və Azərbaycan xalqını hiss etmək üçün də, ilk növbədə, muğamata qulaq asmaq lazımdır.
Muğamat - Azərbaycan xalqının özünüifadəsidir.
Bəzən muğamatın tarixi barədə alimlər mübahisə edirlər, mənim üçün bu mübahisələr tamam mənasız bir şeydir, çünki mənə elə gəlir ki, bu dünyada ilk azərbaycanlı anadan olanda muğamat da onunla birlikdə yaranıb.
Elçin
Nə varlıdı bu torpaq;
Burda quş dimdiyindən
Yerə düşən dən – bitir.
Hər şeydən yaxşı ancaq
Bu torpaqda qəm bitir.
Qəm bitir bu torpağın
Daşında, qayasında.
Buludundan qəm yağır,
Dərd çıxır quyusundan.
Yoxlasan, burda hərə
Bir dərd ilə xəstədi.
Burda körpələr belə
Dərd çəkməyə ustadı.
Bizi yaxşı tanıyır
Bu dünyanın dərdləri.
Bizi deyib gəlirlər
Adlayıb sərhədləri.
Burda dərdlər kef çəkir,
Hamısı dipdiridi.
Bura bütün dərdlərin
Sığınacaq yeridi.
…Nə varlıdı bu torpaq,
Bir əkirsən – dörd bitir.
Hər şeydən yaxşı ancaq
Bu torpaqda dərd bitir.