Qızılgül, bağü bustanım, nə dersən?
Fəda olsun sənə canım, nə dersən?
Qərarü səbrü aramım tükəndi,
Kəsildi, külli fərmanım, nə dersən?
Əridi iligim, qaldı sümügüm,
Bu təni tərk eder canım, nə dersən?
Xamu dərdlilərə dərman bulundu,
Dəvasız dərdə dərmanım, nə dersən?
Xamunun küfr ilə imanı vardır,
Mənim küfr ilə imanım, nə dersən?
Sənin məqsudun oldur kim, mən ölüm,
Halal olsun sana qanım, nə dersən?
Əgər yatsam min il torpaq içində,
Dürüstdür əhdü peymanım, nə dersən?
Xətai çün səni can ilə sevdi,
Sevən ölsünmü, sultanım, nə dersən?
Şah İsmayıl Xətai