Mən yorğunluq içində şəhər hayatını həmişə xoşladığım tanış səs-küyünü eşidirdim. Gündüzün səs-küyü yavaş-yavaş yatırdı, qəzet satanların qışqırığı, bağlarda yuxulu quşların getdikcə zəifləyən ciggiltisi, alverçilərin hay-harayı, sərt döngələrdə tramvayların həzin iniltisi və körfəzə axşam çökməmişdən sanki göydən yağan mübhəm uğultu-bütün bunlar azadlıqda olduğum vaxt dəfələrlə keçib-gəldiyim yolu gözübağlı tanımağa imkan verirdi.
Bəli, həmin bu saatlarda mən həmişə kefikök və rahat olardım. Onda əmin idim ki, irəlidə məni həyəcansız və röyasiz yuxular gözləyir. Lakin indi nə isə dəyişmişdi- irəlidə məni təkcə sabahkı günün ləzzəti deyil, eyni zamanda təkadamlıq kamera gözləyirdi. Başa düşmüşdüm ki, yay səmasına cızılmış tanış yol təkcə dinc yuxulara deyil, həbsxana barmaqlıqları arasına da apara bilərmiş.
Əgər insan lap bircə gün yaşayıbsa, sonralar o, yüz il həbsxanada rahatca oturub kefi istəyən qədər xatırlaya bilər və bu bir günün saysız-hesabsız xatirələri onu darıxmağa qoymaz...