"Əvvəllər mən uşaqlara yanaşıb mehribancasına bu və ya başqa bir şeyi onlardan soruşarkən çoxu elə düşünürdü ki, mən onlara gülmək istəyirəm, buna görə də xeyli kobud bir şəkildə məndən üz döndərirdilər. Lakin məyus olmurdum, ancaq özümün bir müşahidəmin nə qədər haqlı olduğunu aydın surətdə hiss edirdim: müəyyən mövqe tutan adamlar həmişə sadə xalqla yaxınlığın onları alçaltmasından qorxaraq, bu xalqdan kənar gəzəcəklər. Hələ elə yelbeyin və mərdimazar adamlar olur ki, onlar bu yoxsul insanların qarşısında lovğalanmaqdan ötrü onlarla xala-xətrin qalmasın, yaxınlıq edirlər.
Mən çox yaxşı bilirəm ki, biz bərabər deyilik və bərabər ola bilmərik. Lakin təsdiq edirəm, o şəxs ki, öz ləyaqətinin aşağı düşməsindən qorxaraq "qara" deyilən camaatdan qaçır, o, məğlubiyyətdən qorxuya düşərək düşməndən qaçıb gizlənən qorxaqdan az məzəmmətə layiq deyildir".