Elə isə bəs onda niyə özümü bu qədər üzdüyümü, niyə özümə əzab verdiyimi soruşun. Cavab: çünki artıq əlimi yanıma salıb oturmaq darıxdırıcı idi; ona görə də hoqqa çıxarmağa başlayırdım. Düzü budur. Özünüz özünüzə göz qoyun, cənablar, onda bunun belə olduğunu başa düşəcəksiniz.
Ah, kaş, tənbəllikdən heç nə etməyəydim. İlahi, elə olsa özümə necə də hörmət edərdim. Heç olmasa öz tənbəlliyimi qorumağa qadir olduğum üçün hörmət edərdim; heç olmasa özümün də əmin ola bildiyim bir dənə, bəlkə də yaxşı deyə biləcəyim bircə dənə cəhətim olardı. Sual: kimsən? Cavab: tənbəl; - axı özün barədə bunu eşitmək belə xoş olardı.
Heç bir insanın bilərəkdən öz şəxsi mənfəətinin əleyhinə hərəkət etmədiyi də məlumdursa, deməli, bu zaman onun zərurətdən xeyirxahlıq edəcəyini demək olardı?
Yəni, məsələn, sənə meymundan əmələ gəldiyini sübut etsələr, üzünü-gözünü turşudub-eləmə, olduğu kimi qəbul et. Birdən əgər əslində sənin şəxsi piyinin bir damcısının sənin kimi yüz min insandan daha dəyərli olduğunu sübut etsələr, nəticə- də isə bütün ləyaqət adlandırdığımız vəzifələr, başqa cəfəngiyatlar və mövhumatlar həll olunacaqsa, onda elə bu cür də qəbul et, heç bir tədbir görmə, çünki iki vur iki - riyaziyyatdır. Hünərin var etiraz et.