Bir gün tanıdıqlarından biri Malik ibn Dinar həzrətlərinə təzə bir su qabı hədiyyə etmişdi. Ertəsi gün həzrət qabı birinə bağışlayaraq buyurdu:
"Qardaşım, al bu qabı. Çünki bütün gecəni "Bax ki, kimsə oğurlamasın" deyə qəlbimi məşğul etdi".
Adəm oğlu, asta danış,
Bil, bəm zildən ömürlüdür.
Uca, ulu Dosta danış,
Könül dildən ömürlüdür.
İş nə mülkdə, nə maldadır,
İş nə xətdə, nə xaldadır,
Nə olsun ki, bir koldadır,
Tikan güldən ömürlüdür.
Gül fanidir, ətrə uyma,
Nəfsanidir, əmrə uyma,
İş anidir, əsrə uyma,
An yüz ildən ömürlüdür.
Dağlar uca, dərələr gen,
Nə onu aş, nə bunu yen,
Çıx nəfsindən qəlbinə en,
Metr mildən ömürlüdür.
Dünən kimdin? Düşün, "ah" de.
Bu gün kimsən? Döz, sabah de.
Son nəfəsdə "ya Allah" de.
Söz əməldən ömürlüdür.