Kitabın ilk səhifələri yəqin ki, bütün Azərbaycan xalqına tanışdır. Xocalı haqqında yüzlərlə kitab yazılıb, filmlər çəkilib. Demək olar ki, orada yaşayan hər kəs Elnurə kimi vəhşicəsinə işgəncələrə məruz qalıb. Mən Elnurənin yaşadıqlarını yaşamadığım üçün onu əsla yarğılamaq fikrində deyiləm, amma verdiyi qərarlar haqqında bir-iki söz demək istəyirəm.
Mən onun bu uşağı dünyaya gətirməsinə qəti şəkildə qarşı idim. Amma erməni oğlu olduğu üçün yox... Elnurənin yaşadıqlarının bəlkə də on qatını o uşaq yaşayacağı üçün! Məncə, Elnurə bu qərarı verərkən sadəcə özünü və analıq instinktini düşündü. Anlamadı ki, o uşaq-anasının, qardaşının, atasının və ilk eşqi Sadiqin qatili olan bir caninin parçasıdır. Sabah o uşaq böyüyəndə bu həqiqəti öyrənsə, nə dərəcədə sarsılacaqdı? Elnurəyə "məni bu amansız cəmiyyətin, bu nifrətin içinə gətirdiyin üçün sağ ol" deyəcəkdi? Heç inanmıram.
Elnurənin sonrakı qərarları da ürəkaçan deyildi. Gürcüstana gedib özünə yeni bir həyat qurmaq şansı varkən, o nə özünü, nə də övladını düşündü. Bütün həyatını bir caniyə görə məhv etdi,və yenidən başladıqı yerə qayıtdı.Düzdür, Elnurənin hamilə olduğunu bilməzdən əvvəl də dayısının, dayısı oğlanlarının və qonşuların ona qarşı münasibəti insanlığa sığmırdı. Bu insanlardakı bu təfəkkür, bu cəhalət haradan gəlir? Nə ilə qidalanır bu amansızlıq? Vicdan deyilən anlayış həqiqətənmi yox olub? Bu suallar qarşısında sadəcə cavabsız qaldım.
Və əsas toxunmaq istədiyim obraz Fərhaddır. Sevgisini etiraf etməyə belə cəsarəti çatmayan biri... O, əgər bir az cəsarətli olsaydı, o qızılgülləri Elnurənin qapısının ağzına və ya məzarına yox, özünə verərdi. Sahib çıxardı ona və övladına... Bəlkə onda Elnurə hazırda məzarda yox, aramızda olardı.