Cahillərə bacardığınızı öyrədin, onlara pulsuz təhsil verməməyə görə cəmiyyətin özü müqəssirdir. Cəmiyyət yaydığı cəhalət üçün məsuldur. Qaranlıq içində olan qəlbdə günah doğar. Müqəssir günah edən deyil, bu qaranlığı yaradandır.
Ən çox təəssüf doğuran isə insanların cahilliyi idi. Sabirlə Mirzə Cəlilin yüz il əvvəl ürəkağrısı ilə tənqid etdiyi xurafat, cəhalət, təhsilə, mədəniyyətə, kitaba biganəlik, yad dildə danışmaqla özünü səviyyəli hesab etmək kimi cəhalət və nadanlığın müasir dövrə xas bəzi başqa formaları da insanlar arasında sürətlə, özü də qorxunc bir virus kimi yayılırdı. Göstəri xatirinə ali təhsil və diplom almaq, səs-küydən qulağın tutulduğu təmtəraqlı toy mərasimləri keçirmək, bircə içkinin çatışmadığı israfçı və dəbdəbəli ehsan süfrələri açmaq, toyda rəqs edənlərin başına pul səpələməklə özünü zəngin biri kimi göstərmək, böyük görünmək üçün böyükölçülü avtomobil sürmək, əynindəki geyimlərin qiyməti əlli manatı keçmədiyi halda beş-on minlik mobil telefon gəzdirmək və s. cəhalətin yeni dövrə xas forma və təzahürləri idi...