Herbert Uelss - “Görünməz adam”
Siz heç görünməz olmaq istəmisiniz? Mən istəmişəm. Amma bu kitabdan sonra istəyimi bir daha nəzərdən keçirməyə qərar verdim. Çünki görünməzliyin insanın başına nələr gətirə biləcəyinə bu kitabda bir daha şahid oldum.
Kitabı sonuncu uşaq festivalından əldə etmişdim, üz qapağı və adı diqqətimi çəkmişdi. Kitab gözləntilərimi tam qarşılamadı amma pis kitab da deyildi.
Bir fizik alimi işıqla bağlı araşdırmalar edərkən təsadüfən görünməz olmağın yolunu kəşf edir və bunu öz üzərində yoxlayır. Lakin bu vəziyyət başına böyük bəlalar açır. Bir müddət sonra köhnə halına qayıtmaq istəyir. Kitab da bizə onun görünməzlikdən sonrakı həyatını və bu bəladan qurtulmaq üçün çəkdiyi əziyyətləri danışır. Kitab görünməz adamın Aypinq adlı qəsəbədəki mehmanxanada otaq tutması ilə başlayır. Məqsədi araşdırmalarını burada gizlicə davam etdirməkdir. Amma üz-gözünün sarğılarla bağlı olması, eynəyi və paltosu ilə dərhal diqqət çəkir. Görkəmi adama dəlini və ya polisdən qaçan birini xatırladır. Onun əslində kim olduğunu və niyə bu hala düşdüyünü isə ancaq oxuduqca öyrənirik.
Kiçik həcmli bu kitabı (128 səh.) sanki iki hissəyə bölmək olar. İlk 60-70 səhifəsi elə bil ancaq səs-küylü, hay-küylü qaçdı-tutdu səhnələrindən ibarətdir: Onu tutun, öldürün, o yıxıldı, bu durdu, o vurdu, bu qaçdı... Adam sağ qalmağa çalışır, qəsəbə camaatı isə onu tutmaq istəyir. İlk hissə ancaq belə keçdiyi üçün mənə bir az sıxıcı gəldi. Amma ikinci hissədə bu insanın niyə bu günə düşdüyü, indi nə etmək istədiyi kimi bütün sirlər aydınlaşır. Buna görə də kitabın ikinci hissəsi mənə daha maraqlı gəldi.
Kitab inandığı hər kəs tərəfindən aldadılan, avam kütlə tərəfindən qəddarcasına tənhalığa itələnən bir alimin həyatından bəhs edir. Bir tərəfdə çıxış yolu axtaran istedadlı alim, digər