"Yaxşı Oğlan"
Mən özümü tanıyandan yaşadığım cəmiyyətdə həmişə “filankəs yaxşı oğlandır”, “yaxşı oğlan olsa idi, belə etməzdi” kimi insanları məlum kateqoriyalara aid edən söhbətlər eşidirəm. Hətta özüm də bu tip söhbətlərdən çox etmişəm, çünki mən də bu “qazanın” (cəmiyyət) içində bir “düyüyəm” (üzvəm). Amma insan oturub düşünür, fikirləşir, müşahidə edir, müqayisə edir, müzakirə edir, mübahisə edir və belə qərara gəlir ki, Azərbaycan insanının beynində refreş əməliyyatına böyük ehtiyac var.
Niyə Nürnberqdə Tomas öz dostu Arnolda demir ki, gedək filan universitetin qabağına, bəlkə qız tutduq? Niyə İstanbulda Əmrə öz dostu Meteyə demir ki, bu nə sırğadı, taxmısan, “qoluboysan”? Niyə Qahirədə Zeyn öz dostu Yəyha ilə qəlyan çəkərkən tüstü buraxan anda şəkil çəkdirmir və ya çəkdirib həmin şəkli sosial şəbəkələrdə “bu da mən” adı ilə yerləşdirmir? Niyə Helsinqborqda Qustav öz dostu Eriklə avtobusda gözlərini kiməsə zilləyib digəri gözünü çəkənədək axıra kimi baxmırlar? Niyə Təbrizdə Azad öz dostu Şəhriyar ilə “Samand” markalı maşınının qabağını qaldırmır və həmin maşınla “protiv” yolda sürmür? Niyə Valensiyada Fernando yolda tanımadığı adamlara yaxınlaşıb “Görürəm belə, yaxşı oğlana oxşayırsan, 20 peson olmaz? Tarraqonaya getməliyəm, pulum yoxdur.” demir? Niyə Salonikidə öz nişanlısı Olivia ilə elə qızın məhləsində oturan Vasileosa həmin məhlənin cavanları yaxınlaşıb “camaatın anası-baysı var” demirlər? Niyə Varşavada Matşiek və dostu Stefanın boyunları yolda qarşılaşdıqları hər qızın dalıyca 180 dərəcə fırlanmır? Niyə Tibetdə Janqbu təsbehini kiminsə başına vurub onu sındırmır, sonra sındırdığı adamın nəfəs almağına söyüş qoyub onu p**** çıxartmır?.