Bilirsən, oğlum, sənin divanı təmizləməyinə niyə icazə vermədim ? Çünki dostunun gözü qabağında divanı təmizləməklə onu danlamağın bir fərqi yoxdur. Bu isə yaxşı hərəkət deyil, birincisi, ona görə ki, o bunu qəsdən eləmədi. İkincisi, əynindəki gödəkçə atasının idi. İş vaxtı paltara bulaşanlar çirk deyil, toz, əhəng, lak, qısası, hər şey ola bilər, amma çirk deyil. İş paltarı çirkləndirmir. Heç vaxt işdən gələn fəhləyə "paltarın çirklidir" demə. De ki: "Paltarınızda əməyinizin, işinizin izləri var".
Enriko, diqqətli ol! Ana sevgisinin ən müqəddəs bəşəri duyğu olduğunu heç vaxt unutma. Vay onu ayaqlayanın halına !
Əgər bir qatil anasına hörmət edirsə, deməli, onun qəlbində doğruluq və mərdlik hisləri hələ ölməyib. Ancaq məşhur bir insan anasını acılayır, təhqir edirsə, o alçaq tinətli məxluqdur. Səni dünyaya gətirən insana qarşı ağzından kobud söz çıxmasın. İşdir ağzından çıxsa, onun ayaqlarına qapan ki, alnına yaxılan nankorluq ləkəsini öpüşü ilə silsin. Ancaq bunu atanın qorxusu ilə deyil, vicdanın səsi ilə elə. Mən səni sevirəm, oğlum! Sən həyatda mənim ən dəyərli ümidimsən, ancaq sənin anana nankorluq etdiyini görməkdənsə, cəsədini görmək mənim üçüm daha yaxşıdır.