Vaqif Səmədoğlunun son yazısı..
Nədən başlayım..? 75 yaş mənim üçün çox azdır. Yaşamaq istəyirəm, çox yaşamaq istəyirəm, Nüşabə xanımı daha çox görmək, səsini daha çox eşitmək istəyirəm.
Həyatım elə gətirib ki, dünyanın bir çox tanınmış insanlarını görmək mənə nəsib olub.
1951-ci ildə Kreml sarayında Yeni il şənliyi keçirilirdi. Yaxşı yadımdadır, Çexoslovakiyadan olan bir qızla vals oynayırdım. Birdən çaxnaşma düşdü, darvaza açıldı və Kommunist Partiyasının o vaxtkı rəyasət heyəti içəri daxil oldu. Əvvəllər mənə elə gəlirdi Stalin İçərişəhərin qoşa qala qapısından da keçməz, başı tirə dəyər. Sən demə, Stalin balaca bir kişiymiş. Ağ hərbi forma geyinmişdi, gözümü ondan çəkə bilmirdim.
Mən yaşda az adam olar ki, Boris Pasternakla araq içsin, Fadeyevlə, İlya Erenburqla görüşsün.
Azərbaycanda indi klassik dediyimiz insanların çoxuna “əmi” demişəm. Yaxşı xatirimdədir, bu muzeydə (Nizami Gəncəvi adına Ədəbiyyat Muzeyi nəzərdə tutulur – red.) Nizami Gəncəvinin portretinin müzakirəsi keçirilirdi. Birdən Zeynal Xəlil dedi ki, bu portretdəki kişilər hamısı çox gözəldir, nə bilirik, bəlkə Nizami adi adam olub? Atam da razılaşdı, dedi kişi düz deyir də, bəlkə Nizami Gəncəvi elə Zeynala oxşayıb – ikisi də Gəncəlidir axı...
Həyatımın ən parlaq səhifələrindən biri Moskva konservatoriyasında oxuduğum dövrdür. Təsəvvür eləyin, dəhlizlərlə gedirsən və bilirsən ki, nə vaxtsa bu dəhlizlərdən Çaykovski, Raxmaninov keçib.
Son vaxtlar əlim nə qələm tutur, nə də piano çala bilirəm. Diktofon da mənlik deyil, bir neçə dəfə cəhd elədim, alınmadı. Get-gedə xatirələr elə qəlizləşir, elə qəddarlaşır ki, ha çalışırsan səni sevindirən yaxşı bir xatirə yada salasan, mümkün olmur. Xatirələrin qəddarlığı, sualların artması, cavabların tükənməsi məni incidir. Daha heç bir suala cavabım yoxdur.