Ən gözəl şey bizdən uzaq olandı,
Ən qiymətli – əlimizə çatmayan.
Ən maraqlı – bizə yasaq olandı,
Ən dərin söz – ağlımıza batmayan.
Böyük alim – danışmayıb susandı,
Böyük təbib – başını çox bulayan.
Böyük şair – dumanlı söz yazandı,
Böyük natiq sözü sözə calayan.
Yaxşı kitab-kitabların qalını,
Vəfalı dost – dostluqdan çox danışan,
(Arı heç vaxt tərifləməz balını,
Gecə-gündüz çalışar ki, dola şan.)
Parıldayan nurböcəyi, şüşəni,
Eh, nə qədər qızıl sanıb gözümüz!
Bu təzadlar girdabına düşəli
Özümüzü aldadırıq özümüz.