Bu dünyada asılanlar
Ta əzəl başdan asılıb.
Alçaqlıqlar ucalıqdan
Eniş yoxuşdan asılıb.
Təməlimiz fələklərdən,
Əməlimiz ələklərdən...
Sevdamız daş ürəklərdən,
Ürəklər daşdan asılıb.
Kimsə bilməz bu nə sirdi,
Haq da bir, nahaq da birdi...
İşıq zülmətə əsirdi,
Barış savaşdan asılıb.
Xərabələr dayağından,
Zülmlə şər boyağından...
Əsarət öz ayağından,
Azadlıq başdan asılıb.
Dilimdən asılan sözlər
Ölüm umur ölümsüzdən...
Təsəlli - baharı gözlə...
Bahar da qışdan asılıb.
Bütün yol gözləyən gözlər
Bir damla yaşdan asılıb...
Bu da məndən olsun:
Üzüləcək yerimmi var?
Di çək, üzülüm sap kimi.
Götür, oxu ürəyimi
Oxunmamış kitab kimi.
Bir yolçuyam - izlərində,
Bir ömrüm var - sözlərində...
Qoru məni, gözlərində
Qoruduğun əzab kimi.