Ürəyi sevgi dolu, mərhəmətli, düşüncəli, ağıllı, qürurlu, lakin bir az dəcəl bir balacanın hekayəsidir, bu. "Şirin portağal ağacım"dan tanıdığımız və sevdiyimiz Zezenin hekayəsi. Bu dəfə onu başqa bir ailədə görürük. Portuqaliyalı dostunu itirdikdən sonra övladlıq verildiyi ailədə başından keçənləri nağıl edir bizə Zeze, o şirin və həssas dili ilə. Ətrafında gördüyü sevgisizlikdən xəyallarına sığınan, xəyali qəhrəmanlarla içindəki qorxulara qalib gəlməyə çalışan Zeze, bütün həssas uşaqlardan bir parça daşıyır. Bütün tez yaralanan, unutmağı bacarmayan həssas ürəkli insanların hekayəsini anlatır bizə. Əslində, onu anlamaq, sevmək, dost olmaq o qədər də çətin deyil, lakin bu, böyük ürək, anlayış, empati duyğusu istəyir insandan. Zeze, axtardığı sevgidolu, mərhəmətli, anlayışlı ailə modelini xəyalında yaratdığı ailəsiylə doldurmağa çalışır. Nə qədər ağrılıdır, nə qədər təəssüfləndirir insanı bütün bunlar. Bir o qədər də güclüdür Zeze. Mübarizə aparır, çarpışır, vuruşur, məğlub olmur. Çünki inadcıdır. Bir də onu sevən, dinləyən dostları var. Ən çətin zamanlarında yanında olan, ona dəstək olan, bütün dərdlərini, sirlərini, sevgisini paylaşdığı... Zezenin həyatının bu dövrünü də maraqla, sevgiylə oxudum mən. Onu tanımaq gözəldi.