Bir sevgilinin şəklini as qəlb otağından,
Hərdən dəmi gəldikdə götür öp yanağından.
Məstanə könül içsə belə acı şərabı,
Yarın ki görür bal tökülür gül dodağından.
Qəm ruzisi zinət gətirib süfrəmə axşam
Məhrəm biri gəlmir ki yesin bir qırağından.
Tənhalığa xəlqin qaçıram bəd nəzərindən
Ruhum da həyatın yorulub təmtərağından.
Gözlər yumulub getsə də röyaya, əzizim,
Zənn etmə cəmalın yox olur göz qabağından.
Şahım, mənə bir söz de əmanət qala məndə,
Keçmişdə qulun sırğa asıblar qulağından.
Yarın o səbəb ətri bu dünyanı götürmüş,
Bir tel küləyin cənginə düşmüş darağından.
Bir busə götürdüm o gülün ləli-ləbindən,
Fərz et dirilik çeşməsi daddım damağından.
Axır yenə mən bəxtəvərin gəldi gözündən,
Bir qətrə su içmişdi səadət bulağından.
Səhraları könlüm sürünür körpə misalı,
İmdadə yetən yoxdu ki tutsun balağından.