Hekayəni oxuyanda Suzanne O'Sullivanın "Beyin fırtınası" kitabında qeyd olunan epilepsiya xəstələrindən birinin beynindəki hüceyrələrarası siqnalda pozuntu olduğuna görə, gözünə qnomların görünməsi yadıma düşdü.
Ya da başqa bir paçientində bu pozuntuya görə əşyalar gözündə sanki böyüyür və kiçilirdi.
O , paçientlərdəki bu durumu əsas gətirərək, məsələn, yazıçı Luis Kerolun da epilepsiya keçirmiş ola biləcəyini və bu təcrübəsi əsasında "Alisa möcüzələr diyarında" kitabını yazdığını ehtimal edirdi.
Məncə , kitablar ya fərqli yazıçıların uşaqkən əngəllənməyə məruz qalmayan fitri xəyallarının, təxəyyülünün , ya gördüklərinin , ya da keçirdikləri xəstəliklərin məhsuludur.
Bəlkə "Qorqellər" də epilepsiya xəstəliyinin məhsuludur?!
Adi soyuqlamaya yazıçının maraqlı fantaziyayla yanaşmasını başqa cür necə təsvir etmək olar ki?
Təsəvvür edin qripsiz. Immunitet sizi qoruyan cırtdanlar, burun axıntısı isə düşmən ifritlərdir.
Bunlar da bir-biriylə savaşır.
Xəstəliyə qalib gəlmək üçün nələr edirik?
Otlar, dərmanlar və bol istirahət.
Yazıçının təsvir dili , illustrasiyalar oxucuya sanki hadisə onun başına gəlirmiş kimi, baş qəhrəman obrazı hissi yaşadır. Macəralar oxucunun başına gəlir, o çaxnaşmanı yaşayır, mübarizə aparır, tənginəfəs qalır.
Hekayə eyni zamanda biologiyaya, bu sahəyə aid peşələr , təbiətşünaslıq muzeyi haqqında maraq yaradır. Hər dəfə hansısa quş, bitki adı çəkəndə hekayədəki ensiklopediyadan səndə də olmasını istəyirsən.
Uşaqlarla oxunulmalı , müzakirə edilə biləcək kitabdır. Bizim hər izahımız , onların hekayə haqqında yanaşmasını dinləməyimiz uşaqların təsvir etmə təcrübəsini artırır, təxəyyülünü genişləndirir.
Son olaraq bu cür maraqlı və rəngli kitabı bizə qazandırdığına və nəfis tərtibata görə Nebula nəşriyyatına da təşəkkürümü bildirirəm. Davamlı olsun!