Bu, deyəsən, xəstəlik kimi bir şeydi – eyni şeydən asılı qalmaq. Eyni mahnılar, eyni telefon, eyni evdən və daha neçə eyni şeylərdən. Eyni mahnıya saatlarla, günlərlə qulaq asmaq da, yəqin, eyni hislərdir. Amma, həqiqətən, diqqətlə yaşadığımız
dünyaya nəzər yetirsək, hər şeyin eynilər üzərində qurulduğunu görərik: eyni dünya, eyni torpaqlar, eyni qanunlar, eyni insanlar. Həqiqətən, bəzən elə olur ki, insan ömür-boyu eyni insanlarla yaşamağa özünü məcbur edir. Məsəlçün, biri ilə sevgilisən, yaxud evlisən, artıq neçə illərdir bir-birinizə bağlısız, daha yaxından tanıyırsınız bir-birinizi, amma günün birində ona desən ki, mən artıq səni sevmirəm, hər gün eyni yalanı davam etdirməkdən bezmişəm, sevgim tükənib, yüzdə 99% səni başa düşməyəcək. Bax, yaşadığımız həyat da belədir: eyni yaşayışlar, hər gün eyni şeylər, manqurt kimi, robot kimi proqramlaşdırılmış insanlar… amma bəzən məcbursan elə mənim kimi.