Böyük ingilis riyaziyyatçısı, filosofu və ictimai xadimi Bertran Rassel riyazi məntiq, fəlsəfə tarixi və epistomologiya sahəsində gördüyü çox dəyərli işləriylə tanınmaqla yanaşı, həm də pasifizmin, ateizmin, liberalizmin və solçu siyasi cərəyanların müdafiəsi və inkişafıyla bağlı yorulmaz fəaliyyətiylə XX əsrin ictimai düşüncəsində silinməz izlər buraxıb. İngilis neorealizminin və neopozitivizminin banilərindən biri sayılan Rasselin diqqətinizə təqdim edilən bu kitabının bir əhəmiyyətli cəhəti də, burada, görkəmli mütəfəkkirin dünyagörüşünün formalaşmasını əks etdirən yazılarının xronoloji ardıcıllıqla verilməsidir. Bu isə, Rasselin gənclik illərində dinə loyal münasibət bəsləməsindən tutmuş, yetkin çağlarında onu kəskin tənqid etməsinədək keçdiyi mərhələli idraki inkişaf yolunu izləməyə imkan yaradır. Rasselin ateizm və din mövzusunda ən müxtəlif illərdə yazdığı əsərlərinin toplandığı bu kitaba, elmi dünyagörüşlə dini təlimlərin tarixi qarşıdurmasının salnaməsi kimi də baxmaq olar.