Atanı itirmək qəribə hissdir. İnsan elə bilir ölüm sadəcə bir insanı aparır. Amma zaman keçdikcə anlayırsan ki, ölüm tək bir insanı yox, onunla birlikdə içindəki bir dünyanı da aparır. Çünki bəzi insanlar sadəcə insan olmur, ev kimi olur, kölgə kimi olur, arxanda dağ kimi dayanır. Və o dağ bir gün olmayanda insan ilk dəfə dünyanın nə qədər ağır yer olduğunu anlayır. Atam rəhmətə gedəndən sonra bir şeyi başa düşdüm: insanın içində bəzi boşluqlar heç vaxt dolmur. Sadəcə insan o boşluqla yaşamağı öyrənir. Hamı deyir zaman keçir. Amma zaman keçmir, insan sadəcə ağrının formasına öyrəşir. Əvvəl nəfəs almaq belə ağır gəlir, sonra gülməyi özünə günah bilirsən, sonra bir gün gözləmədiyin anda hansısa mahnıda, bir qoxuda, bir sözdə yenidən dağılırsan. Və anlayırsan ki, bəzi insanlar gedəndən sonra yox olmur, sadəcə görünməz olur. Ən qəribəsi də budur ki, insan atasını itirəndə bir az uşaqlığını da itirir. Elə bil dünyanın ən güvənli yeri birdən yox olur. Kimsə sənə “qorxma” deməsə də, onun varlığı yetirdi əvvəllər. İndi isə həyat əvvəlki kimi görünmür. Çünki insan bir gün başa düşür ki, bəzi yoxluqlar sadəcə yoxluq deyil, insanın içində səssiz bir çatdır. Mən həmişə düşünmüşəm, insan doğrudan ölürmü? Əgər bir insanın dediyi sözlər hələ də ağlındadırsa, öyrətdiyi şeylər səndə yaşayırsa, bəzi hərəkətlərində özünü ona bənzədiyini görürsənsə, o insan doğrudan gedibmi? Məncə bəzi insanlar torpağa yox, insanın ruhuna qarışır. Gözlə görünmürlər, amma hər çətin anda içində bir səs kimi qalırlar. Elə bil hardansa yenə səni qoruyurlar. Amma nə qədər fəlsəfi düşünsən də, bir həqiqət var: darıxmaq keçmir. İnsan alışmır. Sadəcə susur. Çünki bəzi ağrılar danışıldıqca azalmır. İçində bir yerə çevrilir. Xüsusilə ata… insanın arxasında dağ kimi dayanan adam olmayanda dünya bir az daha soyuq