O zaman bizə elə gəlirdi ki, hansısa çəpərin arasında qalıb çürüyürük; sərbəst buraxılacaq anı həsrətlə gözləyirdik. Həmin an gələndə isə həyatımız - elə zamanın özü də - iri bir axınla şütüyəcəkdi. Haradan biləydik ki, dünyaya gələn gündən biz nələrisə qazanmış, nələrisə də itirmişik artıq! Bundan başqa, əgər lap bizi həmin çəpərin arasından buraxsalar da, bu dəfə daha geniş, əvvəl-əvvəl çox da hiss olunmayan yeni bir çəpərin arasına düşəcəyik.
Əgər bir zaman maşını icad edilsə idi, çoxlarımız gələcəyə gedərkən, bəziləri uşaqlığına gedərək o gözəl günlərə nəzər salardı. Qışqıra-qışqıra çöldə qaçmalarına, qurulmuş səmimi dostluqlara, gözləri ilə həyata işıq saçan uşaqlara baxardı. Bu istilik bizi də xoşbəxt edərdi. Amma bu hələki mümkün deyil, amma José Mauro de Vasconcelos "Şirin Portağal Ağacım" ilə uşaqlığın gözəl çağlarını bizə sətirlərlə yaşadır.
Kitab çox sadə dillə, daha doğrusu, uşaq diliylə yazılıb. Vaskonselos sanki bu sətirləri birbaşa Zezenin yanında ikən qeyd edib, uşaq fikirlərini çox məharətlə əks etdirib. Amma bütün bunlara baxmayaraq, kitabın giriş və bəzi orta hissələri hər hansı bir istiqamətdə getmədiyi üçün məni həddindən artıq sıxdı. Hətta bu kitabın niyə bu qədər tərifləndiyini anlamırdım. Sonradan artıq Zezenin həyatında önəmli hadisələr baş verdikdə hər şey yoluna düşür. Və kitabda güclü fəlsəfi fikir yoxdur. Amma bəzi kitablar var ki, içərinizdəki sönmüş o uşağı yenidən alovlandırmağı bacarır. Bu kitab da bu tip əsərlərdən biridir. "Şirin Portağal Ağacım" sizi uşaqlığınıza aparacaq. Zeze danışdıqca sanki siz danışmış olacaqsınız. Onun sonsuz xəyal dünyasını sanki siz vaxtı ikən yaratmışsınız. Döyülərkən keçirdiyi hissləri sanki siz keçirmişsiniz. Uşaq olanda dostluğun təmizliyini, həyata yeni-yeni atılmış addımları, hər şeyin nə qədər mənalı olduğunu xatırlayacaqsınız. İllərin süpürüb apardığı mənalar və səmimiyyət gözünüzə görünəcək. Və hər şey bitdiyində, uşaqlığın təmiz hisslər və sonsuz xəyal və ümidlərlə ötüb-keçməsini anlayacaq və kədərlənəcəksiniz. Gərək hər birimiz bu kitabı Zeze ilə yaşıdkən oxuyardıq. O bizə bu həyatı şirin detallarla öyrədərdi. Amma pis olmayın, onu bu gün oxumaqla siz qəlbinizdəki uşağı yenidən alovlandırdınız. Onu söndürməyin, bəlkə o sizə yenidən xoşbəxt olmağı öyrədər.