Mən ən ağır günlərimdə belə ağlamağı bacarmamışam. İçimdə sanki sözsüz bir fırtına qopub, hər şey dağılıb, amma o dağıntının səsi çölə çıxmayıb. Boğazımda düyünlənən hiss, sinəmdə sıxılan ağırlıq və nəfəsimə sığmayan kədər arasında ilişib qalmışam. Sanki duyğularım var gücü ilə danışmaq istəyib, amma səsim onlara yol verməyib. Və mən yalnız səssiz göz yaşlarımla anlamışam ki, insan bəzən ən çox ağlayanda belə görünmür, bəzən ən dərin ağrı səssizliyin içində gizlənir. Zaman keçdikcə başa düşdüm ki, bu səssizlik boşluq deyilmiş əksinə, içində dolub daşan, amma çıxış yolu tapmayan bir dünyanın öz diliymiş. Elə anlar var ki, insan nə danışa bilir, nə qışqıra bilir, nə də ağlaya bilir. Sadəcə dayanır və içində baş verənləri kənardan dinləyirmiş kimi olur. Sanki bədən yaşayır, amma ruh bir addım geri çəkilib öz ağrısını uzaqdan izləyir. Bəzən nəfəs alırsan, amma o nəfəs səni yüngülləşdirmir sadəcə vaxtı uzadır. Bəzən gözlərin dolur, amma damcılar düşmür sanki göz yaşları belə qərarsız qalır, hansı yolun azadlıq olduğunu bilmir. Və mən anladım ki, hər kədər özünü göstərmir. Bəziləri insanın içində kölgə kimi yaşayır, səssiz, amma daim orada. Mən çox vaxt elə bilmişəm ki, ağlamaq rahatlıqdır, amma bəzən ağlamaq belə olmur… və insan bu dəfə rahatlığı da itirir. Onda öyrənirsən ki, ən çətin ağrı görünən deyil, ən çətin ağrı hiss ediləndir. Amma ifadə edilə bilməyən. Və yenə də mən içimdə bir şeyi saxlamışam, bütün bu səssizliyin içində belə, mən hələ də hiss edirəm. Çünki hiss etmək bitməyibsə, demək insan da bitməyib. Sadəcə içində bir yer var ki, orada hər şey susub, amma yox olmayıb.
"Biz həmişə xoşbəxtliyi gələcəkdə, uzaq hədəflərdə axtarırıq. Amma həyat bu an daxilində gizlənib. Səhər içdiyin isti bir qəhvədə, bir dostun səmimi səsində, ya da sadəcə nəfəs ala bildiyinin fərqinə varmaqda... Həyat, kiçik detalların içindəki böyük möcüzədir."
Etimoloji Defteri
Mücellit Nedir ?
Bəzi insanlar torpağa yox, ruha qarışır
Atanı itirmək qəribə hissdir. İnsan elə bilir ölüm sadəcə bir insanı aparır. Amma zaman keçdikcə anlayırsan ki, ölüm tək bir insanı yox, onunla birlikdə içindəki bir dünyanı da aparır. Çünki bəzi insanlar sadəcə insan olmur, ev kimi olur, kölgə kimi olur, arxanda dağ kimi dayanır. Və o dağ bir gün olmayanda insan ilk dəfə dünyanın nə qədər ağır yer olduğunu anlayır. Atam rəhmətə gedəndən sonra bir şeyi başa düşdüm: insanın içində bəzi boşluqlar heç vaxt dolmur. Sadəcə insan o boşluqla yaşamağı öyrənir. Hamı deyir zaman keçir. Amma zaman keçmir, insan sadəcə ağrının formasına öyrəşir. Əvvəl nəfəs almaq belə ağır gəlir, sonra gülməyi özünə günah bilirsən, sonra bir gün gözləmədiyin anda hansısa mahnıda, bir qoxuda, bir sözdə yenidən dağılırsan. Və anlayırsan ki, bəzi insanlar gedəndən sonra yox olmur, sadəcə görünməz olur. Ən qəribəsi də budur ki, insan atasını itirəndə bir az uşaqlığını da itirir. Elə bil dünyanın ən güvənli yeri birdən yox olur. Kimsə sənə “qorxma” deməsə də, onun varlığı yetirdi əvvəllər. İndi isə həyat əvvəlki kimi görünmür. Çünki insan bir gün başa düşür ki, bəzi yoxluqlar sadəcə yoxluq deyil, insanın içində səssiz bir çatdır. Mən həmişə düşünmüşəm, insan doğrudan ölürmü? Əgər bir insanın dediyi sözlər hələ də ağlındadırsa, öyrətdiyi şeylər səndə yaşayırsa, bəzi hərəkətlərində özünü ona bənzədiyini görürsənsə, o insan doğrudan gedibmi? Məncə bəzi insanlar torpağa yox, insanın ruhuna qarışır. Gözlə görünmürlər, amma hər çətin anda içində bir səs kimi qalırlar. Elə bil hardansa yenə səni qoruyurlar. Amma nə qədər fəlsəfi düşünsən də, bir həqiqət var: darıxmaq keçmir. İnsan alışmır. Sadəcə susur. Çünki bəzi ağrılar danışıldıqca azalmır. İçində bir yerə çevrilir. Xüsusilə ata… insanın arxasında dağ kimi dayanan adam olmayanda dünya bir az daha soyuq
Duygu ve Düşünce
İnsan ən çox hər gün gördüyü şeyə qarşı korlaşır. Çünki insan beyni ən böyük möcüzələri belə zamanla “adi” qəbul etməyə başlayır. Ən sevdiyin mahnını düşün. İlk dəfə dinləyəndə səni başqa bir yerə aparırdı. Hər sözü içində nəyəsə toxunurdu. İndi isə bəzən mahnının bitdiyini belə hiss etmirsən. Çünki öyrəşmisən. Və ən ağrılı tərəfi budur ki, bu korluq ən çox insan münasibətlərində özünü göstərir. Bizə dəyər verən insanları zamanla otaqdakı hava kimi qəbul edirik. Onlar var deyə rahat nəfəs alırıq, amma varlıqlarını hiss etmirik. Ta ki o hava dəyişənə qədər… Ta ki o insan səssizcə uzaqlaşana qədər… Nəfəs alanda havanın varlığını hiss etmədiyimiz kimi, bəzi insanları da yalnız yoxluqlarında hiss edirik. Və məhz o an anlayırıq ki, məsələ onların adi olması deyildi. Sadəcə biz baxa-baxa görməyi unutmuşduq.
O çox qorxanda nəfəs ala bilmir, titrəyir, amma ən çox da üşüyürdü, lakin bunların heç biri acizlikdən olmurdu, sanki bədəni öyrəşmişdi və bu artıq çox təkrarlanmağa başlayırdı....
Dalğaların bildiyi şeylər var.
Hər gün 4,5 saata yaxın buralarda gəzişir və ya sakitcə oturub izləyirəm,arada düşünürəm ki mən çox anlam yükləyirəm ama yox.Dənizin yanında vaxt başqa cür keçir sanki. İnsan heç nə düşünmədiyini sanır, amma içində yığılan bütün yorğunluq yavaş-yavaş suya qarışır. Mən həmişə dənizi sevmişəm, çünki o, insana danışmadan da yaxşı gəlməyi bacarır. Gecənin o tünd maviliyində uzaqdan görünən işıqlar, suyun sakitliyi, küləyin səsi… hamısı birlikdə adamın içini yüngülləşdirir. Orada olanda həyat bir anlıq dayanır kimi olur, nəfəs almaq belə asanlaşır. Bəlkə də buna görə hər dəfə dənizin kənarında özümü daha çox “mən” kimi hiss edirəm. İnsan bəzən ən çox yaxşılaşdığı yerləri seçmir, sadəcə ruhu ora çəkilir. Mən dənizi ona görə çox sevirəm ki, o mənə hər dəfə içimdə itirdiyim sakitliyi geri verir. Və bəlkə də ən çox buna görə özümü ən çox orada tapıram.
1000Kitap