İlahi, biz nə vaxta qədər gecə-gündüz fikrə qərq olub millətimizin dərdini və geridə qalmışlığını öz vəzifəmiz biləcəyik? Məgər bizim tərəqqi etməyimizə maneə var? Bəli, var! Nədir bizə mane olan?
Təşəbbüssüzlük, təkəbbür, qürur və mədəniyyətə meylimizin olmaması. "Müsəlmanam" deyib, oturub baxmaq. Bəli, bir qrup maarifçimiz yeri gələndə köhnə islam mədəniyyəti ilə fəxr edir. Bu da alim babası ilə fəxr edən cahil nəvənin gülünc halına bənzəyir.