Mənim heykəl qadınım
qalx, heykəllər uzanmaz.
Ətirlən, sırğanı as,
üzüyü barmaqlara,
bilərziyi biləyə,
gedək üzü küləyə.
Çətindi tutduğum yol,
sən ol yanımda, sən ol!
Sənin sözün, söhbətin,
ərkyana zarafatın;
ən böyük mənasıymış
bu mənasız həyatın.
Ailəmiz, uşaqlar,
sadəcə çay süfrəmiz...
Xoşbəxtlik axtarmışıq
xoşbəxt ola-ola biz.
Bir nəğmə istəyirəm
indi, ya da bir gülüş.
Sənin səsin, nəfəsin
həyatın özü imiş.