Salam Qədirzadə - “Kəndimizdə bir gözəl var"
Yazıçıdan oxuduğum dördüncü kitabdır və qələminin şirinliyinə, doğmalığına bir daha heyran qaldım. Bütün kitablarını bezmədən, ard-arda oxuya bilərəm. Elə səmimi üslubu var ki, sanki 2026-cı ildə deyilsən, kitabın yazıldığı köhnə dövrlərdə yaşayırsan. Yazıçı məkanın ləhcəsini, dialektini əsərə o qədər təbii köçürüb ki, insan özünü hadisələrin içində hiss edir. Bu canlılıq oxucunun üzünə gah şirin gülümsəmə qondurur, gah da fərqli kədər bəxş edir. Yenə sevə-sevə oxuduğum, maraqlı bir Salam Qədirzadə kitabı oldu.
Hər zaman dediyim kimi - "Xan Nəşriyyatı"nın bu seriya üçün hazırladığı üzlüklər möhtəşəmdir. Kənardan baxanda insanı cəlb edir, rəsmən kitab "məni oxu" deyir.
Yazıçının qələmində belə bir xüsusiyyət var - demək istədiyi fikri və ya səhnəni üstüörtülü, amma çox anlaşıqlı çatdırır. Bəlkə hər oxucu birdən-birə anlamaz, amma başa düşəndə ayrı zövq verir. Müəllif səhnəni açıq yaza bilərdi, amma yazmayıb hər şeyi oxucunun ixtiyarına buraxır. Bu da Salam Qədirzadə qələminin özünəməxsus sirdir. Sevgini, eşqi şirin sözlərlə elə ifadə edir ki, oxuduqca insana çox xoş gəlir.
Baş obraz Əkrəmin həyatı mənə çox təsir etdi və mənim üçün unudulmaz obrazlardan birinə çevrildi. Məncə, yazıçının ən təsirli, dramatik əsəri budur. Əkrəmin yaşadıqlarını oxuduqca insan sağlamlığının - əlinin, ayağının, gözünün qədrini bilməli olduğunu düşünür. Hər şeyimiz yerindədirsə şükür etməli, yerində deyilsə də "Allahın bir bildiyi var" deyib qane olmağı bacarmalıyıq.
Qadın və qadın gözəlliyi böyük qüvvədir. Nə mənada dediyimi anlamaq üçün kitabı oxumaq lazımdır. Kitabda deyildiyi kimi: "Qadın gözəlliyi gənclik üçün hörümçək toruna oxşar tilsimdir". Çox gözəl cümlədir. Digər tərəfdən, hər şeyə kor-koranə inanmağı qəbul edə bilmirəm. İnsan bir az