"Mənim üçün həyat, insanların nə düşündüyünü təxmin etməyə çalışdığım qorxulu bir teatrdan ibarət idi..."
Osamu Dazainin "İnsanlığımı yitirirken" romanını oxumaq, kiminsə gizli gündəliyini oxumaq kimi bir şeydir.
Osamu Dazainin avtobioqrafik xarakter daşıyan bu şedevri, baş qəhrəman Yozo vasitəsilə bizə cəmiyyətin ritminə ayaq uydura bilməyən, "normal" insan maskası taxmaqdan yorulan bir ruhun intiharını anladır.
Yozo uşaqlığından bəri insanları anlaya bilmir, onlardan qorxur və bu qorxunu gizlətmək üçün "təlxək" rolunu oynayır. Amma taxdığı maskalar onu xilas etmir, əksinə, özünə yadlaşdırır. Kitab boyunca bir insanın addım-addım öz ləyaqətini, ümidini və ən nəhayət, "insanlığını" necə itirdiyinin şahidi oluruq.
Bu əsər xoşbəxt sonluq və ya təsəlli vəd etmir. Əksinə, cəmiyyətin ikiüzlülüyünü və fərdin bu ikiüzlülük qarşısındakı çarəsizliyini soyuq bir şəkildə üzümüzə vurur.
Əgər insan psixologiyasının ən qaranlıq tərəfləri ilə üzbəüz gəlməyə hazırsınızsa, mütləq oxumalısınız.