"Söyüdlü Arx" İlyas Əfəndiyevin qələmindən oxuduğum üçüncü əsər idi və yenə də əvvəlkilərdə olduğu kimi bu əsəri də çox bəyəndim. Diqqətimi çəkən ən maraqlı məqamlardan biri də o oldu ki, oxuduğum hər üç əsərdə baş obraz qadındır. Yazıçının kişi olmasına baxmayaraq, qadınların daxili dünyasını, düşüncə və hisslərini bu dərəcədə məharətlə işləməsinə heyran qalmamaq mümkün deyil. "Söyüdlü Arx" əsərində baş obraz Nuriyyədir. Onun saflığını, ülvi hisslərini, təmiz və geniş qəlbini, incə və mülayim xarakterini çox sevdim. Amma oxuduqca onun çəkdiyi iztirablar mənim də qəlbimi göynədirdi. Düşünürəm ki, bir insan üçün bu dərəcədə fədakarlıq etmək, əslində, özünü incitməkdir. Nuriyyənin böyük ürəyi ilə yanaşı, nə qədər ağıllı bir qız olması da diqqətimdən yayınmadı. O, özünü Murad və onun ailəsi üçün fəda etməkdən savayı, Səadətə də ən düzgün yolu göstərdi. Doğrudan da, cəmiyyətdən ayrı düşən insanlar həyatdan da kənarda qalırlar. Səadətin hissləri bayağılığa bürünmüşdü. Mənasızlığa yuvarlanan bir həyatda hansısa dərin və ali hisslərdən söhbət gedə bilməz. Əsl insan kimi yaşamaq və zəhmətin bəhrəsini görmək üçün mütləq bir fəaliyyət lazımdır. Yoxsa ancaq özünü düşünməklə, ətrafındakı insanlara fayda vermədən xoşbəxt olmaq mümkünsüzdür. Bunun üçün ilk öncə istək, sonra isə insanlarla yaxın olmaq, başqalarına can yandırmağı bacarmaq və cəmiyyətin bir parçasına çevrilmək lazımdır. Yalnız bu zaman insan nələr edə biləcəyini görməyə başlayır. Var-dövlət sahibi olmaq günümüzü fərəhli keçirməyə kifayət etmir. Mədəni və mənalı həyata can atmayan insan bu sərvəti ancaq yeyib-yatmağa sərf edəcək ki, bu da zövqsüz həyat tərzi deməkdir. Bayağılıqdan qurtulub ali mərtəbələrə yüksəlmək üçün həyata qaynayıb-qarışmaq və taleyin açdığı yollarla yürüyərək məna qazanmaq lazımdır. Səadətin