Yalnız Buda qaimməqamının təmsilçisi, xərac toplamaq üçün Keçkemetə gələn Xəlil əfəndi yeni bələdiyyə başçısını ziyarətə gələndə qarşısına saqqalsız bir gəncin çıxdığını görüb qaş-qabağını tökmüşdü. Vəziyyətin nə yerdə olduğunu başa düşən bələdiyyə sədri də dərhal arxasını qonağa çevirib qapını çırpmış, bir neçə dəqiqə sonra isə çavuş Pintö uzun saqqallı bir keçini darta-darta Xəlil əfəndinin məqamına gətirmişdi.
— Bu ağılsız heyvanı niyə bura sürüyürsən, imansız köpək? — deyə Xəlil əfəndi hirslə qışqırmışdı.
— Bələdiyyə sədrinin əmrini yerinə yetirirəm. Dedi ki, keçinin uzun saqqalı olduğundan zati-aliniz onunla görüşüb ixtilat etməyi daha vacib saymısınız.