O səs əsrlərdən gəlir elə bil
O səs necə uzaq necə də titrək
Əsir o qocanın ürəyi tir-tir
Cavansa dinləyir gülümsəyərək.
Qocanın çiynində bir əsrin yükü
Qalıb əl çatmayan dünəndə həyat.
Cavan saya salmır heç yeri-göyü,
Əmri ilə dövr eləyir sanki kainat.
Qocanın sözündə sönən bir çıraq
Cavanın gözündə yanan bir günəş.
Qoca elə bilir cavan olmayıb,
Cavan eləbilir qocalmayacaq…
Durmuşam sahildə tənha, bir dənizdir, bir də mən
Gözdən itmiş sanki dünya, bir dənizdir, bir də mən
Vaxt var idi birgə idik, sevgilim, mən və dəniz
İndi yox heyf ol dilara, bir dənizdir, bir də mən
Cümlə aşiqlər səni görmək ümidin üzdülər
Göz dikən yoluna bica bir dənizdir, bir də mən
Axşam oldu, hamı yatdı, həsrətindən yatmayan
Görməyən heç vaxtı rö’ya bir dənizdir, bir də mən
Çoxları görcək səni öz eşqin e’lan eyləyib
Çağlayan eşqinlə amma bir dənizdir, bir də mən
Bir zaman Məcnun idi divanə, səhra məskəni
İndi yox Məcnun, nə səhra, bir dənizdir, bir də mən
Fəhmi, həsrət üçbucağı çəkdi tale ruhuma
Yaxşı bax, bir qəmli xülya, bir dənizdir, bir də mən