Təsəvvür edə bilməzsiniz, heç kimlə danışmamaq, tamamilə görünməz olmaq və kiminsə həyatında artıq mövcud olmamaq nə deməkdir. Bunun səbəbini bilmirəm... ancaq heç bitməməyini diləyirəm, sizinlə saatlarla danışa bilərəm. Danışmağa o qədər ehtiyacım var ki. Daha ehtiyatda yüzlərlə sözüm var.
Ancaq sonradan mühazirələrə getmədik. Mənası yoxdu. Elə adamlar mühazirə oxuyurdular ki, onları kürsüyə buraxmaq doğru deyildi. Bəziləri, qaxaclaşmış qoca alimlər olurdu, dişsiz ağızlarında hansısa elmi zir-zibilləri gəvələyirdilər. Başqaları, özünə vurğun savadsız fırıldaqçılar çıxırdılar. Ağıllı düşüncələr yerinə çiy xəmir yedirmək istəyirdilər. Üçüncülər, maarif nazirliyindən gəlmiş məmurlar idi. Yalnız siyahıda qeyd olunmaq və pul almaq üçün formal sözlərdən ibarət cəfəngiyat oxuyurdular.