— Quzum, yavrum! Adın nədir?
— Gülbahar.
— Pəki, sənin anan, baban varmı?
— Var.
— Nasıl, zənginmidir baban?
— Əvət, zəngin, bəyzadə...
— Öylə isə, geydiyin geyim neçin böylə sadə?
Yoxmu sənin incilərin, altun bilərziklərin?
Söylə, yavrum! Heç sıxılma...
— Var əfəndim, var... lakin Müəlliməm hər gün söylər, onların yox qiyməti, Bir qızın ancaq bilgidir, təmizlikdir ziynəti.
— Çox doğru söz...
Bu dünyada sənin ən çox sevdiyin Kimdir, quzum, söylərmisən?
— Ən çox sevdiyim ilkin O Allah ki, yeri-göyü, insanları xəlq eylər.
— Sonra kimlər?
— Sonra onun göndərdiyi elçilər.
— Başqa sevdiklərin nasıl, yoxmu?
— Var...
— Kimdir onlar?
— Anam, babam, müəlliməm, bir də bütün insanlar...
Hüseyn Cavid